Kişi badmintonçularımızın Avropa çempionatında 2-ci sınağı

Kişi badmintonçularımızın Avropa çempionatında 2-ci sınağı
31 Oktyabr 2019 г.
Kişilərdən ibarət yığma komandamız 2020-ci ildə Fransanın Lyeven şəhərində keçiriləcək komandalararası Avropa çempionatında iştirak edəcək.Turnirdə ölkəmizi təmsil edəcək kişi badmintonçuların adları məşqçilər heyətinin qərarı əsasında fevralın 3-nə qədər açıqlanacaq. 11-16 fevral tarixlərində keçiriləcək qitə çempionatında komandamızın hansı səbətdə yer alacağı noyabrın 27-də bəlli olacaq.Səbətlər Ümumdünya Badminton Federasiyasının reytinqinə əsasən müəyyənləşəcək. Komandamızın qrup mərhələsində rəqibləri dekabrın 3-ü keçiriləcək püşkatma mərasimindən sonra məlum olacaq. Qrup mərhələsinin görüşləri 11-13 fevral tarixlərində keçiriləcək.1/4, yarımfinal və final görüşləri isə 14-16 fevralda oynanılacaq. Qruplarda müvafiq olaraq 3, 4 və ya 5 komanda yer ala bilər.Komandaların qrupdakı sayından asılı olmayaraq pley-offa ilk iki yerin sahibi yüksələcək. Oyunların formatı 3 şəxsi və 2 qoşa görüşlərdən ibarət olacaq.Qarşılaşmalar “Arena Stad Kuver”də oynanılacaq.Hər komandanın heyətində yer alan 1 badmintonçu oyun ərzində həm şəxsi, həm də qoşa kateqoriyada yalnız 1 dəfə korta çıxa bilər. Kişi və qadın komandaları arasında Avropa çempionatı iki ildən bir keçirilir.Turnir Tomas və Uber Kubokuna təsnifat xarakteri daşıyır. 2006-cı ildən təşkil edilən kişi və qadınların komandalararası Avropa çempionatına sonuncu dəfə 2018-ci ildə Rusiyanın Kazan şəhəri evsahibliyi edib.Kişilərdən ibarət komandamız ilk dəfə qatıldığı Kazanda keçirilən son qitə çempionatında Almaniya,İslandiya və Lüksemburq kollektivləri ilə bir qrupda yer almışdı.Yarış "Tokio-2020" Yay Olimpiya Oyunlarına lisenziya xalları baxımından mühüm əhəmiyyət kəsb edir.
Xəbərlər siyahısına qayıt