İlk dəfə beynəlxalq turnirdə 3 medal qazandıq

İlk dəfə beynəlxalq turnirdə 3 medal qazandıq
5 Noyabr 2018 г.
Bəhreynin Madinat-İsa şəhərində badminton üzrə "Bahrain International Series 2018" turnirinə yekun vurulub. Turnirdə iştirak edən badmintonçularımız Edi Reski Dviçayo və Ezmi Qovimuramadhoni uğurlu çıxışla yadda qalıblar. Kişilərin şəxsi yarışında mübarizəyə 1/16 finaldan start verən Ezmi Qovimuramadhoni yarımfinala kimi məğlubiyyətsiz irəliləyib. 1/2 finala kimi Bəhreyn, Pakistan, İordaniya badmintonçularına qalib gələn Ezmi bu mərhələdə ABŞ təmsilçisi Timoti Lamla qarşılaşıb. 3 set davam edən görüş amerikalı badmintonçunun 2:1 (21-15, 16-21,22-20) hesablı qələbəsi ilə başa çatıb. Mübarizəni yarımfinalda dayandıran Qovimuramadhoni kişilərin şəxsi yarışında bürünc medal qazanıb. Mübarizəyə 1/8 finaldan qoşulan Edi Reski Dviçayo isə yarımfinala kimi İngiltərə və Bəhreyn badmintonçularına qalib gəlib. Yarımfinalda Yaponiya idmançısı Haruki Fukuda üzərində 2:1 (27-25, 13-21, 22-20) hesablı qələbə qazanan Edi finalda ABŞ badmintonçusu Timoti Lamla üz-üzə gəlib. Amerikalı rəqibini 2:0 (21-13,21-13) hesabı ilə məğlub edən Dviçayo "Bahrain International Series 2018" turnirinin qızıl medalını qazanıb. Badmintonçularımız eyni uğuru kişilərin qoşa yarışında da təkrarlayıb. Bu kateqoriya üzrə yarışda mübarizəyə 1/4 finalda başlayan badmintonçularımız finala kimi Bəhreyn və Pakistandan olan həmkarlarına qalib gəliblər. Həlledici görüşdə bəhreynli Adnan və Cəfər İbrahim tandeminə 2:0 (21-15,21-17) hesabı ilə qalib gələn Edi-Ezmi tandemi badmintonçuların qoşa yarışında qızıl medala sahib çıxıb. Beləliklə, ilk dəfə badmintonçularımız beynəlxalq turnirdə ümumilikdə 3 medal qazanıblar.
Xəbərlər siyahısına qayıt