Edi 2500 reytinq xalı qazandı!

Edi 2500 reytinq xalı qazandı!
20 Oktyabr 2019 г.
Badmintonçumuz Edi Reski Dviçayo Misirin paytaxtı Qahirə şəhərində keçirilən "International Series" kateqoriyalı "Egypt International 2019" turnirinin qalibi olub. Edi kişi badmintonçuların şəxsi yarışında 1/16 finalda portuqaliyalı Duarte Nuno Anje üzərində 2:0 (21-12,21-6) hesablı qələbə qazanıb. Edi növbəti görüşündə hindistanlı Dhruv Ravatı 2:0 (21-14,21-14) hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib. Qələbə seriyasını bu mərhələdə də davam etdirən Edi rəqibi üzərində 2:0 (21-16,21-11) hesablı qalibiyyət əldə edib. Edi yarımfinalda Şri-Lanka təmsilçisi Niluka Karunaratne ilə qarşılaşıb.İlk setin gedişində ayağı burxulan Niluka, görüşü yarıda dayandırmaq məcburiyyətində qalıb. Beləliklə, finala yüksələn Edi əbəs yerə turnirin 1 nömrəli reytinq favoriti olmadığını final görüşündə də nümayiş etdirib. Həlledici görüşdə Çex Respublikası badmintonçusu Milan Ludiki 2:0 (21-17,21-12) hesabı ilə məğlub edən Dviçayo "Egypt International 2019" turnirinin qızıl medalını qazanıb. Edi turnirin qalibi olmaqla yanaşı reytinq ehtiyatını da zənginləşdirib.Badmintonçumuz aktivinə 2500 reytinq xalı yazdırıb. Turnirə 1/16 finaldan başlayan Ezmi Qovimuramadhoni isə ilk görüşündə son iki ayda "LI-NING Czech Open 2019" və "LI-NING Cyprus International 2019" turnirlərinin qalibi olan İrlandiya badmintonçusu Conatan Dolanla qarşılaşıb. Ezmi rəqibinə 0:2 (17-21,16-21) hesabı ilə uduzub.Badmintonçularımız turnirdə Gənclər və İdman nazirliyinin dəstəyi ilə iştirak edib
Xəbərlər siyahısına qayıt